d
Follow us
Hörmətli həmkarlar

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiq olunub. “Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Biz də AZKLMİB olaraq Azərbaycanın klinik laboratoriya mütəxəssislərinin ilk milli konqresini böyük ehtiram və qürur hissi ilə Ulu Öndərin 100 illiyinə həsr edirik.

Beləliklə, Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi tərəfindən təşkil olunacaq  1-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo”nun (AZLTK & LAB EXPO 2023) 03-05 may 2023-cü il tarixləri arasında Bakıda keçiriləcəyini böyük məmnuniyyət hissi ilə sizə bildiririk. 

Üç fərqli zalda təşkil olunacaq Konqresin proqramında laborator tibbin Biokimya, Mikrobiologiya və İmmunologiya, Genetika, Patologiya sahələrinə dair mövzular yer alacaq. Arzu edirik ki, ilk milli konqresimiz təcrübələrin paylaşılacağı, laborator tibbin bütün istiqamətləri, o cümlədən klinik biokimya, klinik mikrobiologiya və genetika sahəsində aktual məsələlərin nəzərdən keçiriləcəyi və müzakirə olunacağı bir konqres olsun.

Tibbi/Klinik Biokimya və Genetika zallarında bu sahələrlə yanaşı, molekulyar biologiya, genetika, toksikologiya, immunologiya, hematologiya və endikrinologiyaya dair mövzular; Tibbi/Klinik Mikrobiologiya zalında isə bu sahəyə əlavə olaraq, mikrobiologiya ilə əlaqəli bütün mövzular, xüsusilə immunologiya, ətraf mühit mikrobiologiyası, peyvəndlər, epidemiyalar, mikrobiota, həmçinin, qlobal sağlamlıq, sindromik yanaşmalar və bioinformatika kimi sahələr müzakirə ediləcək.  

Bildiyimiz kimi, ölkəmizdə icbari tibbi sığorta modelinin uğurlu tətbiqi çərçivəsində dövlət tibb müəssisələrinin tibbi laboratoriyalarının standartlaşdırılması layihəsi də uğurla həyata keçirilməkdədir. Təbii olaraq tibbi laboratoriyaların inkişafında tanınmış sənaye şirkətlərin dəstəyi və rolu mühüm əhəmiyyət kəsb edir. Məhz bu amili və beynəlxalq təcrübəni də nəzərə alaraq ilk milli konqresimizdə eyni zamanda LAB EXPO da keçiriləcək və bu ənənə keçirəcəyimiz növbəti konqreslərimizlə bərabər davam etdiriləcəkdir. Milli Konqresimizin uğurlu və yüksək iştirakçı marağı ilə keçiriləcəyinə, sənaye şirkətlərimizin mübahisəsiz əsas diqqət mərkəzinə çevriləcəyinə inanırıq. Müxtəlif sponsorluqlarla konqremizə güc qatacaq iştirakçı şirkətlərimizə indidən təşəkkürümüzü bildiririk.

Uğurlu gənc həmkarlarımızın konqresdə iştirakına xüsusi təqaüd proqramları ilə şərait yaratmaqla, onlara sənaye ilə tanış olmaq, elmi məsələləri daha geniş müzakirə etmək və beynəlxalq əlaqələrdə onlara fayda verə biləcək mühüm dostluqlar qurmaq imkanı təqdim edəcəyik.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ilk milli Konqresimizin şövqlə keçirilməsi üçün elmi bilik və təcrübələrini səxavətlə paylaşacaq bütün həmkarlarımıza, iştirakı ilə konqresimizi zənginləşdirəcək dəyərli üzvlərimizə/qonaqlarımıza və konqresə dəstək verəcək başda dövlət qurumlarımıza və bütün sənaye nümayəndələrinə AZKLMİB ailəsi adından təşəkkür və minnətdarlığımızı bildirir, Sizi böyük qürur və məmnuniyyət hissi ilə 1-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresinə dəvət edirik.

Konqres proqramımıza təklifləriniz, dəstəyiniz və töhfələriniz təşkilatçılıq fəaliyyətimiz zamanı bizə güc verəcəkdir.

Hörmətlə,

Konqres həmsədrləri
Prof. Dr. Arif Əfəndiyev
Dos.Dr. Ramin Bayramlı